Çin əsgəri Cənubi Sudanda öldürüldü

Çin əsgəri Cənubi Sudanda öldürüldü

İyulun 10-da Cənubi Sudanda Prezident Salva Kiirin və birinci vitse-prezident Rieka Maşarın tərəfdarları arasında yenidən toqquşmalar başlayıb. TASS informasiya agentliyi xəbər verir ki, döyüşlər nəticəsində 1 Çin sülhməramlısı həyatını itirib, 6 sülhməramlı isə yaralanıb. Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bildirib.

Nazirliyin məlumatına əsasən, qaçqın düşərgəsini qoruyan sülhməramlıları daşıyan zirehli avtomobilin artilleriya atəşinə məruz qalması nəticəsində 1 Çin sülhməramlısı həlak olub, 3-ü ağır olmaqla 6 sülhməramlı yaralanıb.

Xatırladaq ki, 2013-cü il dekabrın ortalarında Cənubi Sudanda Kiiri dəstəkləyən dinka tayfasının nümayəndələri ilə Maşarın təmsil etdiyi nuer tayfası arasında münaqişə başlayıb. 2015-ci ilin avqustunda tərəflər arasında sülh sazişi imzalanıb, 2016-cı ilin yanvarında isə milli birlik keçid hökumətinin qurulmasına dair razılaşma əldə olunub.

2016-cı il iyulun 7-də - ölkənin müstəqilliyinin 5-ci ildönümündən 2 gün əvvəl paytaxt Cubada şiddətli toqquşmalar yenidən başlayıb. BMT-nin Təhlükəsizlik Şurası iyulun 10-da tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb və ölkəyə əlavə sülhməramlılar qrupu göndərməyə hazır olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə