Siqne Store: “Azərbaycan vətəndaşlığını qəbul edirəm” ŞOK QƏRAR

Siqne Store: “Azərbaycan vətəndaşlığını qəbul edirəm” ŞOK QƏRAR

Norveçin 20 yaşlı qadın güləşçisi Siqne Mari Fidye Store ölkəsində böyük səs-küyə səbəb olan bəyanat verərək deyib ki, Azərbaycan vətəndaşlığını qəbul etmək qərarına gəlib. SİA xəbər verir ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək hüququ qazanan Storenin bu cür bəyanat səsləndirməsinə səbəb olan amil onunla Norveçin güləş federasiyası arasında yaşanan qalmaqal olub. O hesab edir ki, federasiya qadın güləşinə lazımi diqqət göstərmir.

"Federasiya qızları yarışlara göndərmir. Bundan əlavə, bizdən 30 min kron (Norveçin pul vahidi) tələb edirlər ki, biz federasiyanın üzvü olaq. Əgər bizə qarşı bu cür münasibət davam etsə, mən vətəndaşlığımı dəyişərək qadın güləşinə xüsusi diqqət ayıran digər ölkələrdən birinin vətəndaşlığını qəbul edəcəyəm. Bu ölkələrin içində məhz Azərbaycan üstünlük təşkil edir. Mən Norveç vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edəcəyəm" - deyə, norveçli qadın güləşçi bəyanatla çıxış edib.

Norveç mətbuatının yazdığına görə, əgər norveçli idmançı dediklərini həyata keçirərsə, Azərbaycan yğımasında yalnız Olimpiya oyunlarından sonra iştirak edə bilər. Sadəcə qalır Azərbaycan Güləş Federasiyasının bu skandinaviyalı qadın güləşçinin qərarına müsbət rəy verməsi.

Siqne Mari Olimpiadada 69 kq-a qədər çəkidə iştirak etməlidir. O, ilk norveçli qadın güləşçidir ki, qadın güləşi üzrə Olimpiya oyunlarına lisenziya qazanıb. O, Olimpiya medalına layiq olduğunu düşünür. Mütəxəssislər də bəyan edirlər ki, Store Rioda uğur qazana biləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə