Gürcüstanda milli müstəqillik günü qeyd edilir

Gürcüstanda milli müstəqillik günü qeyd edilir

Mayın 26-da Gürcüstan xalqı dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edib. Bayram münasibətilə paytaxt Tbilisinin mərkəzi küçələri bayraqlarla bəzədilib. "Azadlıq" meydanında təntənəli parad təşkil olunub. Bayram tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib və ölkənin dövlət və hökumət rəhbərlərinə təbriklərini çatdırıb.

Tbilisidəki "Ceyran" rəqs qrupunun kollektivi, aşıq Məsim Rəcəbov bayram münasibətilə təşkil olunmuş konsertdə Azərbaycan və gürcü mahnı və rəqslərini ifa ediblər. Azərbaycanlıların çıxışları alqışlarla qarşılanıb.

Gürcüstan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin helikopterləri havada şou göstərib. Paradda "Noble Partner 2016" hərbi təlimlərində iştirak etmək üçün bu ölkəyə gətirilmiş Amerikanın məşhur "Abrams" tankları, "Bradley" piyadaların döyüş maşınları və digər döyüş texnikası nümayiş etdirilib. Gənc əsgərlər hərbi and içiblər.

Prezident Giorgi Marqvelaşvili və Baş nazir Giorgi Kvirikaşvili Gürcüstan əhalisini və hərbçiləri təbrik edib, ölkənin inkişaf perspektivlərindən söz açıblar.

Bayram münasibətilə paytaxtın küçə və prospektlərində şənliklər, əyləncəli proqramlar, kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Gürcüstanın müstəqillik günü azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da geniş qeyd olunub. Şəhərin küçə, meydan və prospektləri bayraqlarla bəzədilib, rayon mədəniyyət evində bayram tədbiri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə