Ulu Öndərin doğum günü Rusiya mətbuatında FOTOLAR

Ulu Öndərin doğum günü Rusiya mətbuatında FOTOLAR

Rusiyanın moskow-baku.ru xəbər portalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə geniş məqalə dərc olunub. SİA-nın moskow-baku.ru saytına istinadən verdiyi xəbərə görə, məqalədə Ümummilli Liderin siyasi fəaliyyəti nəyicəsində Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması haqqında geniş məlumat verilib.

Rusiya mədəniyyətinin bir sıra məşhur nümayəndələrinin Heydər Əliyevlə bağlı xatirələri də məqalədə yer alıb.

Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti Yuliy Qusman Ulu Öndər haqqında fikirlərini paylaşıb: "Mən bu yaşıma qədər Heydər Əliyev qədər dərin fikirli, geniş ürəkli, hərtərəfli başqa bir şəxsiyyət tanımadım. Onu cəsarətlə "Xalqın Atası" adlandırmaq olar.

Azərbaycanın taleyinin bir tükdən asılı olduğu çətin zamanlarda O, xalqı öz ətrafında toplayaraq, ölkəni öndəgedən dövlətlərin sırasına daxil etməyə müvəffəq oldu.

Ulu Öndərin milyonlarla azərbaycanlının həyatında olduğu kimi, mənim də həyatımda xüsusi yeri var. Elmin, incəsənətin, mədəniyyətin inkişafı Onunla başladı. Heydər Əliyev təkcə Azərbaycanın müstəqilliyi, iqtisadi yüksəlişi yolunda xidmət göstərmədi, eyni zamanda, ölkənin inkişafına əngəl olacaq maneələri öncədən görərək, dəf etdi".

Şair, SSRİ-nin dövlət mükafatı laureatı Andrey Dementyev: "Heydər Əliyev çox unikal, müdrik insan idi. O, öz torpağını, tarixi kökünü çox sevirdi.

Heydər Əliyevlə Azərbaycanda keçirilən Rusiya mədəniyyətinin ongünlüyündə görüşmüşdük. Dahi siyasi xadimin rus-dilinə sərbəst yiyələnməyi hər zaman məni təəccübləndirirdi. Onun hakimiyyəti illərində Rusiya ilə Azərbaycanın dostluğu sadəcə sözdə əməkdaşlıq deyildi, fərqli milliyyətə sahib insanların dostluğu idi".

Rusiyanın Satira Teatrının direktoru Mamed Ağayev: "Mən Heydər Əliyelə eyni milliyyətdən olduğum üçün qürur duyuram. O, Satira Teatrını çox sevirdi və mənim orada çalışdığımı öyrənəndə sevinmişdir.

1998-ci ildə teatrın Bakıya qastrol səfəri çərçivəsində Ulu Öndərlə görüşməyə nail oldum. Əgər qarşısındakı insan ona maraqlı idisə, özü ünsiyyət quraraq, həvəslə danışırdı.

Ümummilli Liderin hakimiyyəti illərində Azərbaycanın mədəniyyəti yüksək inkişaf səviyyəsinə yüksəldi. Xüsusilə qeyd edim ki, Azərbaycan sənətçilərin dövlət təqaüdünə layiq görüldüyü yeganə ölkədir. Bu da Heydər Əliyevin əməyidir".

Malıy Teatrın bədii rəhbəri, SSRİ-nin xalq artisti Yuriy Solomin: "Heydər Əliyevlə ilk görüşümüz 60-cı illərdə teatrın Bakıya səfəri zamanı baş tutmuşdur. Daha sonra Ulu Öndərlə bir də Tiflisdə qarşılaşmışdıq. Konsert zalının girişində Heydər Əliyevlə Eduard Şevarnadze bizə yaxınlaşdı. Musiqidən, teatrdan geniş söhbət qurduq. O, sanki incəsənətin bir nümayəndəsi idi".

SSRİ-nin xalq artisti Valentin Qaft: "Heydər Əliyevlə ilk qarşılaşmamızda Onun dramaturgiya, incəsənətin bütün sahələri ilə bağlı məlumatlı olması məni heyrətləndirmişdir. Onunla söhbət edəndə sanırdın ki, hər hansı bir incəsənət nümayəndəsi ilə danışırsan.

Yaradıcılığımda Heydər Əliyev haqqında lentə alınan filmlərdə Onun çıxışını səsləndirmək şərəfinə nail olduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, məqalədə həmçinin, aktyor, SSRİ-nin xalq artisti Vasiliy Lanovoy, Rusiyanın əməkdar incəsənət xadimi Kaleriya Kislova, aktyor, Rusiyanın xalq artisti Aleksandr Pankratov, teatr və kino aktrisası, SSRİ-nin xalq artisti Svetlana Nemloyayeva da Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, incəsənətə göstərdiyi diqqət və qayğı haqqında fikirlərini paylaşıb.

http://www.moscow-baku.ru/news/culture/deyateli_kultury_o_natsionalnom_lidere_azerbaydzhana_geydare_alieve/

Bütün xəbərlər Facebook səhifəmizdə