ABŞ və Çin Paris sazişini imzalayacaqlar

BMT-nin Baş katibi Pan Gi Mun ABŞ və Çin liderlərinin iqlimə dair Paris sazişini imzalamaq qərarını alqışlayıb. BMT Xəbərlər Mərkəzi xəbər verir ki, bu "tarixi" müqaviləni aprelin 22-də Nyu-Yorkda imzalamaq nəzərdə tutulur.

Pan Gi Munun mətbuat katibinin verdiyi bəyanatda deyilir: "Baş katib Çin Xalq Respublikasının və Amerika Birləşmiş Ştatlarının prezidentlərinin iqlim dəyişikliklərinə dair birgə bəyanatını razılıq hissi ilə qarşılayıb. Bəyanatda deyilir ki, hər iki ölkə Paris sazişini aprelin 22-də BMT-nin xüsusi mərasimində imzalayacaqlar".

BMT başçısının sözlərinə görə, parnik qazları emissiyalarının bu iki ən iri istehsalçısının həmin emissiyaların azaldılması istiqamətində konkret addımlar atmaq niyyəti də onu ruhlandırır.

Xatırladaq ki, dünya liderləri orta qlobal temperaturun Selsi ilə 2 dərəcədən çox artmasına yol verməmək üçün ötən ilin dekabr ayında Parisdə yeni saziş qəbul ediblər. Sazişdə iqlim dəyişikliklərinə uyğunlaşmaq tədbirləri, iqlim dəyişikliklərinin nəticələrinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə yardım göstərmək də nəzərdə tutulub.

Pan Gi Mun vurğulayıb ki, iqlim problemlərini həll etmədən yaxın 15 ildə bəşəriyyətin inkişaf istiqamətini müəyyən edən yeni Sabit İnkişaf Məqsədlərinə çatmaq mümkün olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə