ABŞ bir halda Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Moskvada Kerri-Putin görüşü

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır. Bu barədə Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya dair Minsk sazişlərinin bütün müddəalarını icra edərsə, Obama Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv edəcək: "Mən prezident Obamanın vədlərini təkrarladım. Bu müddəalara, həmçinin, bütün topların və qoşunların ərazidən çıxarılması və Ukrayna sərhədinə suverenliyin qaytarılması da daxildir".

Dövlət katibi bildirib ki, son illər Rusiya və ABŞ arasında fikir ayrılıqları olub, lakin, bu gün baş tutmuş danışıqlara oxşar predmetli, konkret diskussiyalar daha yaxşı nəticələrə nail olmağa imkan yaradır.

ABŞ prezidenti Barak Obama bu ilin mart ayında 2014-cü ildə tətbiq etdiyi sanksiyaların müddətinin uzadılması barədə qərar verib. ABŞ-ın Moskvadakı səfirliyi də bəyan edib ki, Obama istənilən vaxt bu sanksiyaları ləğv edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə