Sabiq birinci xanımı vəfat etdi

Sabiq birinci xanımı vəfat etdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq birinci xanımı, Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan 94 yaşında dünyasını dəyişib. Kaliforniya ştatı Los Anceles şəhəri Bel Eyr qəsəbəsində vəfat edən xanım Reyqanın səhhətində son illər problem yaranmışdı. Reyqanın, ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

ABŞ-ın mərhum prezidenti Ronald Reyqanla 52 illik evliliyi, Ağ Ev tarixində ən uzun ömürlü məhəbbət əfsanəsinə çevrilib. 1981-1989-cu illər ərzində o ABŞ tarixinin ən nüfuzlu birinci xanımı hesab olunub. Həmçinin Ronald Reyqan 1967 – 1975-ci illərdə Kaliforniyanın qubernatoru olanda Nensi Reyqan həmin ştatın birinci xanımı olub.

Ağ Evin bahalı restovrasiyasına görə bir müddət mənfi ictimai rəy formalaşdıran Reyqan, sonradan Amerika xalqının sevimli siyasi xadiminə çevrilib. Onun Kaliforniyanın Simi Vəley rayonda Prezident Kitabxanasının həyətində həyat yoldaşı Ronald Reyqanın yanında torpağa tapşırılacağı bildirilir.

Əri - keçmiş prezident Reyqan kimi, o da Holivud ulduzu olub, hətta əri ilə birgə bədii filmə də çəkilib. 1940-50-ci illərdə Nensi Deyvis adı ilə məşhurlaşan aktirası, 1952-ci ildə həmkarı Reyqanla evlənərək, onun soyadını qəbul edib. Həyat yoldaşı Ronald Reyqan 2004-cü ildə vəfat etmişdi.

Nensi Reyqanın astoroloqlara çox inandığı və həyat yoldaşını da onlarla məsləhətləşərək idarə etdiyi iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə