İtkin düşən amerikalının ailəsi etiraz etdi

İtkin düşən amerikalının ailəsi etiraz etdi

9 il əvvəl İranda missiya zamanı itkin düşən Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Levinsonun ailəsi etiraz aksiyası keçirib. Levinson ailəsi onun bu ilin yanvarında Tehranla məhbus mübadiləsinin tərkib hissəsi olmamasından hiddətləndiyini bildirib. Koral Sprinqz şəhərində keçirilən Levinsona dəstək aksiyasına yüzlərlə adam qoşulub.

7 uşaq atası, 67 yaşlı Robert Levinson 2007-ci ilin martında İranın Kiş adasında yoxa çıxıb. "Associated Press" agentliyinin 2013-cü ildə apardığı araşdırma nəticəsində məlum olub ki, Robert Levinson İranın nüvə proqramı barədə məxfi məlumatlar əldə etmək məqsədilə kəşfiyyat materialları toplama missiyası üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə çalışırmış.

Əgər Robert Levinson sağdırsa, o, indiyədək xarici ölkədə ən uzun müddətə girov saxlanılan ABŞ vətəndaşıdır. Bundan əvvəl ABŞ vətəndaşı Terri Anderson 1980-ci illərdə Beyrutda 6 il girovluqda saxlanılmışdı. Andersondan fərqli olaraq, Robert Levinsonun saxlandığı yer və onun saxlayanlar sirr olaraq qalır. Onun video və fotoları sonuncu dəfə ailəsinə 5 il əvvəl göndərilib.

ABŞ İran hökumətini Robert Levinsonun yoxa çıxmasının arxasında olmaqda ittiham etsə də, Tehran bu ittihamları rədd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə