PKK Kərkük-Ceyhan xəttinə bomba qoydu

Türkiyə İraq neftinin nəqlini dayandırdı
PKK Kərkük-Ceyhan xəttinə bomba qoydu

Ceyhan boru xətti ilə İraq neftinin nəqli dayandırılıb. Buna səbəb boru xəttinin Türkiyə ərazisindən keçən hissəsində baş verən terror aktı olub. Məlumata görə, Türkiyə Enerji Nazirliyi Kərkük-Ceyhan boru xəttində yaşanan partlayışlarla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Kərkük-Ceyhan boru xətti ilə İraqdan ölkəmizə gerçəkləşdirilən xam neft nəqli terror təşkilatı PKK-nın sabotajları və təhlükəsizlik tədbirləri çərçivəsində 17 fevral tarixindən dayandırılıb. Son olaraq 25 fevral tarixində İdil rayonundan keçən boru xəttinin 65,4 kilometr hissəsində terror təşkilatı tərəfindən partlayış törədilib. Neft nəqli dayandırıldığı üçün yanğın baş verməyib. Ancaq borulara ciddi ziyan dəyib. Təhlükəsizlik qüvvələri xətt üzərində birdən çox partlayıcı qurğu aşkar edib".

Nazirlik qeyd edib ki, baş verən hadisələr PKK-nın bölgədəki inkişafı hədəf almaq üçün hər cür addım ata biləcəyini, beynəlxalq ticarət üçün böyük bir təhlükə olduğunu yenidən nümayiş etdirib: "Şimali İraq kürd muxtariyyətinin ən önəmli gəlir mənbəyi olan Kərkük-Yumurtalıq boru xəttinə edilən bu hücumlar terror təşkilatı olan PKK-nın bölgədəki kürdlərin rifah və gələcəyi üçün ən böyük əngəl olduğunu sübut edib. Artıq boru xəttinə dəyən ziyanın aradan qaldırılması üçün işlər başlayıb, təhlükəsizlik üçün addımlar atılıb. Neft nəqlinin ən qısa zamanda yenidən bərpası planlaşdırlır".

Boru xəttinə hücumlar ötən il də olub. Belə ki, yay aylarında Şırnakın Silopi vilayətindən keçən BOTAŞ şirkətinə aid Kərkük-Yumurtalıq neft boru xəttinə PKK terrorçular tərəfindən təxribat təşkil edilib. Nəticədə axan neft ətrafdakı qarğıdalı tarlalarına yayılıb və 10 hektar sahəyə zərər vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə