2015-ci ildə Yaponiyada 54,4 milyard haker hücumu qeydə alınıb. Bu, bir il əvvəlki analoji göstəricidən, demək olar, iki dəfə çoxdur. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli İnstitutun tədqiqatının nəticələrinə əsasən, hakerlərin əsas hədəfi şəxsi kompyuterlər, həmçinin Yaponiya nazirlikləri və dövlət təşkilatlarının komyuterləri olub. Bundan başqa, müxtəlif müəssisələrin təhlükəsizlik sistemləri də hücuma məruz qalıb. Kiber-hücumlar nəticəsində həm küçələrdə, həm də binaların daxilində quraşdırılan nəzarət kameralarının işində dəfələrlə nasazlıq yaranıb.
Ekspertlər kiber-hücumlarda iştirak edən İP ünvanların 30 faizinin Çin, təxminən 20 faizinin isə ABŞ ərazisində yerləşdiyini qeyd edirlər.
Ötən ilin sentyabrında Yaponiya hökuməti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunları ərəfəsində kiber-təhlükəsizliyin gücləndirilməsinə yönələn yeni strategiyanı təsdiqləyib. Bu məsələyə diqqətin artırılmasına 2015-ci ilin iyun ayının əvvəlində kiber-cinayətkarların iri miqyaslı hücumu səbəb olub. Hadisə zamanı pensiya fondunun serverindən bank hesabları da daxil olmaqla, 1,25 milyon məlumat oğurlanmışdı. Yeni strategiya, həmçinin xüsusilə mühüm informasiyaların saxlandığı dövlət resurslarının internetdən çıxarılmasını nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB