Macarıstanın MTİ agentliyi xəbər verir ki, Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində Böyük Britaniyanın Aİ-də xüsusi yeri haqqında razılaşma əldə olunub. SİA-nın məlumatına görə, həmin razılaşmaya əsasən, Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları Böyük Britaniyada əmək fəaliyyəti ilə məşğul olmağa başlayandan yalnız dörd il sonra sosial yardımlar almaq hüququ qazanırlar. Bu müddətdə müavinət almaq hüququna məhdudiyyət tədricən aradan qaldırılacaq. Üstəlik, ilk vaxtlarda Britaniyadakı qastarbayterlər heç bir sosial ödəniş almayacaqlar.
Bu qayda Avropa İttifaqının üzvü olan digər ölkələrdən Böyük Britaniyaya gəlmiş vətəndaşlara 2017-ci ildən başlayaraq 7 il boyu şamil ediləcək. Aİ-nin başqa dövlətləri hələlik bu mexanizmdən istifadə edə bilməyəcəklər.
Bundan başqa, Avropa İttifaqına daxil olan bütün ölkələr qastarbayterin uşağına görə, həmin uşağın yaşadığı ölkədə qiymətlərin səviyyəsi nəzərə alınmaqla ödəniləcək müavinətin məbləğini müəyyən etmək imkanı qazanacaqlar.
Yaxın dörd ildə yeni qaydalar yalnız sözügedən dövrdə ölkəyə gəlmiş əməkçi miqrantlara, 2020-ci ildən etibarən isə uşağa görə ödənilən bütün müavinətlərə şamil olunacaq.
Sammitdə imzalanmış sazişdə ölkələrin Avropa İttifaqına "gələcək siyasi inteqrasiyası" ilə bağlı rəsmi Londonun heç bir öhdəliyinin olmadığına aid bənd də var. Hüquqşünasların fikrincə, bu razılaşma yalnız rəmzi səciyyə daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB