Meteoritlər yer üzü təbəqəsinə davamlı olaraq düşür. Lakin onların insanlara xətər yetirməsi faktı kifayət qədər azdır. SİA "The Economist"ə istinadən xəbər verir ki, meteoritin bir insanın üzərinə düşməsi və öldürməsi şansı 74 817 414 haldan 1-dir. Bədbəxtlikdən bu kimi ölüm şansı Hindistanın Vellur şəhərində kollec avtobusunun sürücüsü üzərində reallaşıb. Sonuncu hadisəyə qədər dünyada üç insanın üzərinə meteorit düşsə də, onlar ölməyiblər.
Avtobus sürücüsünə tuş gələn meteoritin zərbəsi o qədər güclü olub ki, kollecin binasının şüşələri qırılıb və həyətində bir metr diametr dəlik əmələ gəlib. Beləliklə, hindistanlı sürücü üzərinə meteorit düşərək həyatını itirən ilk şəxs kimi adını tarixə yazdırıb. İnsidentin qurbanı və onun ailəsi Hindistan dövləti tərəfindən kompensasiya alacaq. Yerli sakinlər isə bildirirlər ki, sonuncü hadisəyə qədər meteoritlər bir neçə dəfə həmin əraziyə düşsələr də bundan kimsə zərər çəkməyib.
Tarixi faktlar da göstərir ki, meteoritlərin insanlar üzərinə düşməsi halı bir neçə dəfə baş verib. 1954-cü ilin 30 noyabrında ABŞ-ın Alabama ştatına 4 kq ağırılığında səma cismi düşüb. O, bir evin damını dələrək, rikoşet şəklində ev sahibəsinin buduna və əlinə dəyib. Xəsarət alan ölümdən ağır bədən xəsarətləri ilə qurtula bilib.
1992-ci ildə isə çox kiçik – 3 mm diametrində olan meteorit Uqandada oğlan uşağının üzərinə düşüb. Lakin düşüş anı o, ağaclara dəyərək sürətini azaldıb, nəticədə uşaq ciddi xəsarətlərdən qurtulub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB