Sakinlər vahiməyə düşdü
Londonda terror həyəcanı...

Londonun Lambert körpüsündə güclü partlayış baş verib. İkimərtəbəli avtobus qəfil havaya sovrulub. Baş verənlər bir neçə istiqamətdən anbaan görüntülənib. Partlayışın təsir qüvvəsindən avtobusun qalıqları ətrafa səpələnib. Alov bir anda hər yeri bürüyüb.

London sakinləri gördükləri mənzərədən və partlayışın səsindən vahiməyə düşüb. 2005-ci ildə irimiqyaslı terror aktı yaşayan ingilislər elə bilib ki, bu, növbəti terror aktıdır. Axı, 11 il əvvəl də hədəf ictimai nəqliyyat vasitələri idi. Amma sən demə, bu dəfəki partlayışın terrorla heç bir əlaqəsi yoxdur. Avtobus məşhur aktyorlar - Ceki Çan və Pirs Brosnanın iştirak etdiyi "Əcnəbi" filminin çəkilişi zamanı partladılıb. Çəkiliş zamanı körpü müvəqqəti olaraq bağlanıb. Polisə isə məlumat verilib ki, partlayış zamanı güclü səs effektlərindən istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə