Yaponiya Minamata Konvensiyasına qoşulub

Yaponiya Minamata Konvensiyasına qoşulub

Yaponiya Minamata Konvensiyasına qoşulan 23-cü dövlət olub. BMT-nin bu konvensiyası tərkibində civənin təhlükəli miqdarda olduğu məhsulların istehsalını və ticarətini tənzimləyəcək. JİJİ PRESS agentliyinin yaydığı məlumata əsasən, Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Motohide Yoşikava müqaviləyə qoşulmaq barədə Nazirlər Kabinetinin razılığından sonra fevralın 2-də müvafiq rəsmi sənədi BMT-yə təqdim edib.

Konvensiya 50 ölkə tərəfindən imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək.

M.Yoşikava digər ölkələrin konvensiyaya qoşulması üçün Yaponiyanın fəal şəkildə iş aparacağını bildirib. Onun sözlərinə görə, Tokio civənin insan orqanizminə mənfi təsirinin azaldılması məqsədilə texniki və maliyyə yardımını davam etdirməyə də hazırdır.

Konvensiya, eyni zamanda, yeni mədənlərdə civənin hasilatı məsələsini də tənzimləyəcək. Bundan əlavə, həmin sənəd 2020-ci ildən başlayaraq tərkibində civənin müəyyən miqdarının olduğu məhsulların, o cümlədən elektrik batareyalarının və fluoresçent lampaların istehsalına, ixracına və idxalına qadağanı da nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə