Suriya danışıqları baş tutmur FİASKO

Suriya danışıqları baş tutmur FİASKO

Suriya hökumətinin problemin nizamlanması üzrə Cenevrədə fəaliyyət göstərən nümayəndə heyətinin rəhbəri Bəşəər Cəfəri jurnalistlərlə söhbətində bildirib ki, ölkədəki böhranın həlli ilə bağlı danışıqlar faktiki olaraq hələ başlamayıb. Lakin bu istiqamətdə hazırlıq prosesi aparılır. SİA xəbər verir suriyalı rəsminin sözüegedən açıqlamasını "interfax.ru" saytı yayıb. Daha öncə isə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Suriya hökuməti və ümxalifəti arasında danışıqların başlandığını rəsmi şəkildə bəyan etmişdi. Bu baxımdan, BMT nümayəndəsinin məlum bəyanatını "şəxsi dəyərləndirmə" adlandıran Cəfərinin sözlərinə görə, hələ ki, bu proses üçün imkanlar yaradılmayıb: "Biz hazırlıq mərhələsindəyik və bu proses başa çatdırıldıqdan sonra, yəni növbəti mərhələdə rəsmi danışıqlar baş tutacaq".

Suriyalı rəsmi bildirib ki, danışıqlara başlamaq haqqında ilkin razılaşmanın əldə edilməsinə baxmayaraq, Ər –Riyadda müxalifət tərəfindən formalaşdırılmış Danışıqlar üzrə Ali Komitədə (DAK) nümayəndə heyətinin üzvləri hələ də müəyyənləşdirilməyib.

Bu arada DAK da öz növbəsində belə bir bəyanat yayıb ki, danışıqların rəsmi startı verilməyib.

Qeyd edək ki, Suriya müxalifətinin tələbinə görə, Bəşər Əsəd iqtidarı ilk növbədə BMT TŞ-nın qətnaməsinə əməl etməli və hökumət qüvvələri nəzarətində saxladığı ərazilərə humanitar yardımın buraxılmasına, blokadanın aradan qaldırılmasına şərait yaratmalıdırlar. O cümlədən, mülki vətəndaşlara qarşı silahlı hücumları saxlamalı, həbsdə olan qadın və uşaqları azad etməlidir.

Ötən gün isə müxalifətin nümayəndələri Suriya məsələsi üzrə BMT rəsmisi Mistura ilə planlaşdırılmış görüşdən imtina ediblər.

Hazırda Suriya iqtidarına dəstək göstərən Rusiyanın xarici işlər naziri Gennadi Qatilov isə Cenevrədə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, müxalifətin bu kimi tələblərlə çıxış etməsi danışıqlar prosesinə mənfi təsir edir, hətta bu prosesin baş tutmasını əngəlləyir. Rusiyalı rəsminin fikrincə Suriya müxalifəti danışıqlarda iştirak etməmək üçün bu vasitədən sui-istifadə edirlər.

De Mistura isə bu arada qeyd edib ki, əgər danışıqlar prosesi fiaskoya uğrasa ümumilikdə Suriyanın xilası üçün heç bir ümid qalmayacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə