İraq ordusu Ramadidə 50-dən çox hərbçisini itirib

İraq ordusu Ramadidə 50-dən çox hərbçisini itirib

Ramadi şəhərinin şimal-şərqində İŞİD yaraqlılarının hücumu nəticəsində İraq ordusunun və şiə yaraqlılarının 50 əsgəri həlak olub. TASS informasiya agentliyi xəbər verir ki, İŞİD yaraqlıları 10-dək minalanmış zirehli avtomobillə İraq ordusunun mövqelərinə hücum edib. Hərbçilər bir neçə avtomobili vurmağa nail olsa da, onların bir hissəsi briqadanın mövqeyinə çataraq partladılıb. Komandanlığın məlumatına görə, hücum nəticəsində 50 nəfərdən çox hərbçi həyatını itirib, 80-dək əsgər isə yaralanıb.

İŞİD yaraqlılarının güclü hücumu İraq ordusunun Ramadi şəhərində hərbi əməliyyatların dayandırıldığını elan etməsindən bir gün sonra baş verib. Bu qərar şəhərdə gedən döyüşlərin həddən artıq uzanması səbəbindən mübarizə metodunun dəyişdirilməsi üçün verilib.

İraq ordusu hələ 2015-ci ilin dekabrında İŞİD qruplaşmasını Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərindən çıxarıldığını elan etmişdi. Lakin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya komandanlığının məlumatına əsasən, İraq ordusu Ramadi şəhərinin üçdə birindən də az hissəsini ələ keçirə bilib. Hökumət qüvvələrinin uzun müddət müvəffəqiyyət əldə edə bilməməsi Bağdadı əməliyyatları dayandırmağa və taktiki planını dəyişməyə məcbur edib.

Xatırladaq ki, 2014-cü il yay aylarından başlayaraq İŞİD qruplaşması İraqın şimalında və qərbində aktiv hərbi əməliyyatlar aparır. Hökumət dünya ictimaiyyətinin dəstəyinə, beynəlxalq koalisiyanın hava zərbələrinə və cəbhədəki bəzi uğurlara baxmayaraq, vəziyyəti öz xeyrinə dəyişə bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə