İki terrorçu Belçikada saxlanılıb

İki terrorçu Belçikada saxlanılıb

Belçika Prokurorluğunun bu gün verdiyi məlumata görə, Brüsselin Molenbek məhəlləsində Belçika polisi tərəfindən aparılmış xüsusi əməliyyat zamanı keçən il noyabr ayının 13-də Parisdə törədilmiş terror aktlarının təhqiqatı ilə əlaqədar iki nəfər saxlanılıb. Hazırda həmin şəxslər dindirilir. Belçika Federal Prokurorluğunun məlumatında deyilir: "Hər iki şəxs onların bu iş üzrə şübhəli bilinən bir sıra insanlarla əlaqələri olub-olmamasını aydınlaşdırmaq üçün saxlanılıb".

Şübhəlilərdən biri 1986-cı il təvəllüdlü Belçika vətəndaşı, digəri 1981-ci il təvəllüdlü Mərakeş vətəndaşıdır. Belçika hakimiyyət orqanları bildirib ki, bu şəxslər barəsində kifayət qədər sübut olmasa, onlar gün ərzində buraxıla bilər.

Yanvarın 20-də və 21-də Molenbekdə keçirilən xüsusi əməliyyat zamanı silah və partladıcı maddə aşkar edilməyib.

Bundan əvvəl, yanvarın 18-də Rabatda bir nəfər Mərakeş əsilli Belçika vətəndaşı saxlanılıb. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə həmin şəxsin noyabrın 13-də Parisdə törədilmiş terror aktlarına "birbaşa aidiyyəti olub".

Bütün xəbərlər Facebook səhifəmizdə