KXDR-ə qarşı sərt sanksiyalar gözlənilir

Yaponiya və Böyük Britaniya BMT-də qərarın qəbulu üçün əməkdaşlıq edəcəklər
KXDR-ə qarşı sərt sanksiyalar gözlənilir

Tokioda Yaponiya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin "2+2" formatında növbəti görüşü keçirilib. Görüşdə Yaponiya tərəfindən xarici işlər naziri Fumio Kişida və müdafiə naziri Qen Nakatani, Böyük Britaniya tərəfindən isə onların həmkarları Filip Hamond və Maykl Fellon iştirak ediblər.

Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən KXDR tərəfindən bu günlərdə keçirilmiş nüvə sınağı ilə bağlı BMT-də sanksiyaların qəbulu, beynəlxalq terrorizmlə mübarizə, birgə hərbi təlimlərin keçirilməsi və digər məsələlər müzakirə olunub. KXDR tərəfindən keçirilmiş nüvə sınağını pisləyən nazirlər bu ölkəyə qarşı sanksiyaların qəbulunun sürətləndirilməsi üçün BMT Təhlükəsizlik Şurasında əməkdaşlıq barədə razılığa gəliblər.

Eyni zamanda, görüşdə Kral hərbi-dəniz qüvvələrinin və Yaponiya özünümüdafiə qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi barədə razılıq əldə edilib. Razılaşmaya əsasən, təlimlər Yaponiya ərazisində keçiriləcək və bu məqsədlə Böyük Britaniya öz hərbi-dəniz qüvvələrinin qırıcı təyyarələrini həmin əraziyə göndərəcək. Təlimlərin keçirilməsinin dəqiq vaxtı müəyyənləşməyib.

Xatırladaq ki, iki ölkə arasında "2+2" formatında danışıqlar ilk dəfə 2014-cü ilin yanvarında Londonda keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə