“Türkiyə-Rusiya böhranında tərəf deyilik” AÇIQLAMA

“Türkiyə-Rusiya böhranında tərəf deyilik” AÇIQLAMA

Bolqarıstanın Baş naziri Boyko Borisov Rusiya tərəfindən yüksəldilən gərginlikdə tərəf olmadıqlarını söyləyib. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Bolqarıstan milli televiziyasına (BNT) danışan Borisov Bolqarıstanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrində çox diqqətli davrandığını bildirərək "Türkiyə-Rusiya böhranında tərəf deyilik" ifadəsini işlədib.

Borisov Bolqarıstanın strateji coğrafi mövqeyi, tarixi və mədəni əlaqələri səbəbiylə Rusiya və Türkiyə ilə əlaqələrə əhəmiyyət verdiyini deyib.

Rusiyanın artıq Bolqarıstana istiqamətli provokasiyalarının olmadığını deyən Borisov "Onlar (ruslar) ciddi bir dövlət olduğumuzu, NATO və Avropa Birliyi ilə əsaslı sazişlərimizin olduğunu və bizimlə ehtiyatlı davranmağın lazım olduğunu anladılar" deyib.

Boyko Borisov Baş nazir Əhməd Davudoğlunun ona telefonla zəng etdiyini və 15 dekabrda Bolqarıstana gələcəyini bildirdiyini söyləyib. Borisov Davudoğlu ilə görüşündə sərhəd təhlükəsizliyi məsələsini və Türkiyənin Avropa Birliyi (AB) ilə razılaşma təmin etdiyi məqamları müzakirə edəcəklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə