Parisdə baş verən terror aktları ilə bağlı Paris şəhərinin prokuroru Fransua Molen noyabrın 14-də mətbuat konfransı keçirib. Prokuror Parisdə törədilən atışma nəticəsində 129 nəfərin öldüyünü, 352 nəfərin yaralandığını bildirib. Yaralılardan 99-nun vəziyyətinin çox ağır olduğunu söyləyib.
F.Molen terrorçulardan 7-nin məhv edildiyini bildirib.
Bütün bu vəhşiliklərin 3 qrupda əlaqəli şəkildə hərəkət edən terrorçular tərəfindən törədildiyini qeyd edən prokuror Bataklan konsert zalında tamaşaçıları girov götürən terrorçulardan birinin Parisin cənubundakı Esson departamentindən olduğunu söyləyib. Onun sözlərinə görə digər Suriya pasportlu terrorçunun kimliyi Fransanın aidiyyəti qurumları tərəfindən müəyyənləşdirilir.
Prokuror deyib ki, yeddi küçədə baş verən atışmalardan ən qanlısı Bataklan konsert zalında olub. Konsert zalında girov götürülənlər arasında qurbanların sayı 89 nəfərə çatıb. İraq və Suriyadan danışaraq özlərinə haqq qazandırmaq istəyən terrorçulardan biri bədəninə bağlanmış partlayıcını işə salaraq özünü partladıb.
Parisdə baş verən atışmanı törədənlərdən 3-nün Belçikadan olduğu bildirilir və onların Molenbek yaşayış məntəqəsində olan mənzillərində axtarış zamanı bir nəfər saxlanılıb. Parisdə terrorçuların istifadə etdiyi maşınlardan biri də məhz Belçika nömrəli olub.
Qeyd edək ki, Parisdə baş verən terror aktlarından sonra bütün Avropa ölkələrində təhlükəsizlik tədbirləri möhkəmləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB