"Əpl" qaradərililərdən üzr istədi

"Əpl" qaradərililərdən üzr istədi

Avstraliyanın Melbourne şəhərində "Əpl" mağazasının işçiləri oğurluqda ittiham etdikləri qaradərili tələbələri mağazadan qovub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Əpl" şirkəti bununla bağlı qaradərili tələbələrdən üzr istəyib.

Belə ki, şəhərin Haypoyint alış-veriş mərkəzində yerləşən "Əpl" mağazasına gələn 10-cu sinifdə təhsil alan 6 qaradərili tələbə mağaza işçiləri tərəfindən oğurluqda günahlandırılaraq çölə çıxarılıb.

Baş verən hadisə tələbələrin biri tərəfindən telefonla çəkilib və sosial şəbəkədə paylaşılıb. Tələbələr mağaza işçilərini irqçilikdə günahlandırıb. Hadisəyə daha sonra mağazanın müdiri tərəfindən müdaxilə olunub. O, tələbələrdən və onların təhsil aldığı məktəbin müdirindən üzr istəyib. Tələbələr şirkətin üzrxahlıq etməsindən məmnun qaldıqlarını bildiriblər.

Qeyd edək ki, video feysbukda 40 min dəfə izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə