Afrika diasporu diskriminasiya ilə qarşılaşır

Afrika diasporu diskriminasiya ilə qarşılaşır

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında dünyada Afrika mənşəli şəxslərə qarşı rasizmlə mübarizəyə həsr edilən xüsusi tədbir keçirilib. BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, tədbirdə qaradərili şəxslərin müdafiəsinə UNICEF-in xoşməramlı səfiri, amerikalı müğənni, aktyor və ictimai fəal Harri Belafonte çıxış edib.

Qeyd edilib ki, dünyanın hər yerində afrikalılar və Afrika diasporunun nümayəndələri böyük miqyasda diskriminasiya ilə qarşılaşırlar. Onlar yoxsulluqdan canlarını qurtara bilmir, təcrid olunur, tibb və təhsil sahəsində xidmətlərdən məhrum edilirlər.

BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn bildirib ki, Afrikanın yoxsul icmaları nifrət və afrikanofobiya zəminində cinayətlərin qurbanı olurlar. Bunun kökündə köləlik və müstəmləkəçilik gizlənir. Bir çox ölkələrdə Afrika mənşəli gənclər polis tərəfindən fövqəladə güc tətbiqinin qurbanları olur, məhkəmə sistemində diskriminasiyaya məruz qalırlar.

Dörd əsr ərzində transatlantik qul alveri tarixdə ən genişmiqyaslı məcburi miqrasiya olub. Hazırda Amerika qitəsində müvafiq mənşəli təqribən 200 milyon adam yaşayır. Afrika kökləri olan milyonlarla insan qitədən kənarda yaşayır.

İclas iştirakçıları ictimaiyyəti irqi diskriminasiyanın bütün forma və təzahürlərinə son qoymağa çağırıblar.

Tədbir "Afrika mənşəli şəxslərin onilliyi" çərçivəsində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə