Yaponiyanın hakimiyyət orqanları arasında gərginlik artıb

Səbəb ABŞ bazasının köçürülməsidir
Yaponiyanın hakimiyyət orqanları arasında gərginlik artıb

Okinava prefekturasının yerli hakimiyyət orqanları Futemmadakı ABŞ hərbi bazasının yerinin dəyişdirilməsi ilə əlaqədar mərkəzi hökumətin fəaliyyətini dayandırmaq üçün noyabrın 2-də Dövlət və Regionlar Arasında Mübahisələrin Həlli Komitəsinə müraciət edəcək. Bu barədə Okinava prefekturasının qubernatoru Takeşi Onaqa bildirib.

Xəbər verdiyimiz kimi, Okinava qubernatoru T.Onaqa cari ayın əvvəllərində Futemmadakı ABŞ hərbi bazasının yerinin dəyişdirilməsi ilə əlaqədar Henoko rayonunda aparılan torpaq işlərinə icazəni ləğv edib. Həmin icazə T.Onaqadan əvvəl işləmiş qubernator tərəfindən verilmişdi. Bu qərardan sonra işi dayandıran hərbçilər Dövlət Torpaqları Nazirliyinə ərizə ilə müraciət edərək məsələyə aydınlıq gətirilməsini istəyiblər. Oktyabrın 27-də nazirlik qubernatorun qərarını qeyri-qanuni hesab etdikdən sonra Müdafiə Nazirliyinin müvafiq idarəsi oktyabrın 29-da Okinavada işi bərpa edib.

Komitəyə müraciət məsələnin məhkəmə yolu ilə həlli istiqamətində ilk addımdır. Əgər komitə məsələni müsbət həll etməsə, onda Okinavanın yerli hakimiyyət orqanları məhkəməyə müraciət etməyi planlaşdırır. Mərkəzi və yerli hakimiyyət orqanları arasında yaranmış mübahisənin məhkəmə yolu ilə həlli uzun vaxt apara bilər və bu, ABŞ tərəfinin narazılığı ilə nəticələnə bilər. Rəsmi sənədlərdə bazanın köçürülməsi ilə bağlı işlərin 2020-ci il dekabrın 31-də başa çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə