Sloveniyaya 34 min qaçqın daxil olub

Sloveniyaya 34 min qaçqın daxil olub

Sloveniyada qaçqın böhranı gərginləşməkdə davam edir. Oktyabrın 16-dan 22-dək ölkə ərazisinə daxil olan qaçqınların sayı 34 min nəfəri ötüb. Sloveniya polisinin məlumatına görə, təkcə oktyabrın 21-də ölkəyə 12600 qaçqın pənah gətirib. Yerli mətbuat qaçqın məsələsinə görə həyəcan təbili çalan və kəskin addımlar atan Macarıstan ərazisinə qaçqın böhranının ən pik dövründə belə bir gündə bu qədər qaçqın daxil olmadığını yazır.

Qaçqın axını 2 milyon əhalisi olan və yaranmış fövqəladə vəziyyətə qarşı hazırlıqsız olan Sloveniyanı çətin vəziyyət qarşısında qoyub. Ölkənin Avstriya ilə sərhədində minlərlə qaçqın Avstriyaya, oradan isə Almaniyaya keçmək üçün gözləyir.

Avropa İttifaqının qaçqın məsələləri üzrə komissarı Dimitris Avrmopoulos yaranmış vəziyyətlə əlaqədar oktyabrın 22-də Sloveniyaya səfər edəcək.

Oktyabrın 25-də isə Brüsseldə Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Balkan ölkələrindəki qaçqın probleminə həsr olunan zirvə toplantısı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə