Qasırğa qurbanlarının sayı getdikcə artır Filippində

Qasırğa qurbanlarının sayı getdikcə artır Filippində

Filippinin şimalında tüğyan edən "Korri" qasırğası nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb. Bir neçə nəfərin itkin düşdüyü bildirilir. RİA Novosti informasiya agentliyi xəbər verir ki, ölüm hallarının əksəriyyəti tayfunun səbəb olduğu daşqınlar və sürüşmələr nəticəsində baş verib. Filippin hökumətinin ilkin hesablamalarına görə, artıq 500 min nəfərə təsir edən qasırğanın kənd təsərrüfatına və infrastruktura vurduğu zərər təxminən 115 milyon dollar təşkil edir.

Qasırğanın təsirindən qorunmaq məqsədi ilə on minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Ölkədə qasırğa təhlükəsinın ən yüksək - "qırmızı" səviyyəsi elan edilib.

İyun ayından dekabradək davam edən yağışlar mövsümündə Filippində 20-yə qədər qasırğa müşahidə olunur. Onların arasında ən dağıdıcısı 2013-cü ilin sonlarında ölkənin mərkəzi hissəsindən keçən "Yolanda" super-tayfunu olub. O vaxt 8 min nəfərin ölümünə və itkin düşməsinə səbəb olan qasırğa həmçinin 1,1 milyon evi qismən və ya tamamilə dağıdaraq 4 milyon insanı evsiz-eşiksiz qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə