Əsəd Putinlə yeni Suriya yaratmağa söz verdi

Əsəd Putinlə yeni Suriya yaratmağa söz verdi

Dünən paytaxt Moskvada Suriya başçısı Bəşər Əsəd və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. SİA-nın məlumatına görə, Suriya başçısı Bəşər Əsəd dünən Rusiyanın paytaxtı Moskvaya səfər edib və Rusiyanın bir çox dövlət rəsmilərinin, o cümlədən prezident Vladimir Putinin də iştirak etdiyi yüksək səviyyəli görüşə qatılıb.

Kreml sözcüsü Dmitri Peskov bildirib ki, görüş uzun çəkib və müzakirə olunan əsas məsələ Suriyada baş verən son proseslər olub. Görüşdə Rusiyanın Suriyada apardığı hava əməliyyatlarına və qarşılıqlı əməkdaşlığın artırılması ilə bağlı məsələlərə toxunulub.

Putin görüş zamanı vurğulayıb ki, münaqişənin siyasi yollarla həll edilməsin daha məqbul addım olardı və nə olursa-olsun Suriya ilə bağlı son söz daim xalqın əlindədir. Suriyada baş verən hadisələrlə bağlı insan tələfatının artmasına da toxunan Putin bildirib ki, Suriya xalqı beynəlxalq terrora qarşı mübarizə aparır və son zamanlar bu məsələ ilə bağlı müsbət nəticələr əldə edib.

Görüş zamanı Bəşər Əsəd Suriyadakı proseslərdən və terrora qarşı mübarizədən bəhs edib. O bildirib ki, Rusiyanın terrorla mübarizədə Suriya dəstək olması münaqişənin tezliklə həllinə ümid yaradır. Bəşər Əsəd terror əməliyyatlarının keçirilməsi ilə bağlı Putinin roluna da toxunub: "Putinin səyləri və qərarları nəticəsində Suriyada terrora qarşı mübarizə gücləndi və genişləndi. Əgər Putinin iştirakı olmasaydı bu cür nəticələr əldə edə bilməzdik. Biz artıq Rusiyanın da dəstəyi ilə terrora son qoyulacağına inanırıq. Biz Rusiya ilə birgə yeni Suriya yaradacağıq".

Bəşər Əsəd sonda bildirib ki, ölkədə stabilliyi təmin edə bilmək üçün o siyasi addımlar da atmağa hazırdır: "Əlbəttə ki, hərbi güc tətbiq etməkdən daha üstün yol siyasi tədbirlər aparmaqdır".

Əsəd görüşdən sonra Moskvadan Suriyanın paytaxtı Şama uçub.

Bütün xəbərlər Facebook səhifəmizdə