Qaçqınların axını Aİ üçün sınaqdır Merkel

O, bu sözləri bundestaqda hökumətin bəyanatı ilə çıxışı zamanı deyib
Qaçqınların axını Aİ üçün sınaqdır Merkel

Almaniyanın federal Kansleri Angela Merkel hesab edir ki, qaçqınların Avropaya çox böyük axını Avropa İttifaqı üçün "tarixi sınaqdır". O, bu sözləri bundestaqda hökumətin bəyanatı ilə çıxışı zamanı deyib.

Hazırda Avropa "əvvəllər görünməmiş dərəcədə" hiss edir ki, qloballaşan dünya şəraitində planetin başqa yerlərində baş verən müharibələr, münaqişələr, insanlarda gələcəyə ümidsizlik onun sərhədlərinə də çatır.

Angela Merkel vurğulayıb ki, bu məsələni həll etmək üçün Aİ-nin ümumi strategiyaya malik olması vacibdir. Onun sözlərinə görə, belə problemləri yalnız Avropa ölkələrinin birgə fəaliyyəti, habelə digər dövlətlərlə əməkdaşlıq çərçivəsində tənzimləmək olar.

A.Merkel qaçqınların axını ilə bağlı problemlərin həlli istiqamətində Aİ partnyorları ilə birgə "ümumavropa xəttini tam qətiyyətlə" axtaracağını vəd edib. O vurğulayıb ki, bu böhranın tənzimlənməsinin əsas istiqamətlərindən biri Türkiyə ilə əməkdaşlıqdır. Bununla yanaşı, alman kansleri güman edir ki, Aİ-nin xarici sərhədlərini möhkəmləndirmək, sığınacaq almaq hüququna malik olmayan qaçqınların geri qaytarılması prosesini sürətləndirmək, habelə insanların Avropaya kütləvi axınının səbəblərinin aradan qaldırılması üzərində işləmək, Suriya münaqişəsinin həllini axtarmaq vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə