Kaliforniyada evtanaziyaya icazə veriblər

Kaliforniyada evtanaziyaya icazə veriblər

Kaliforniya qubernatoru Cerri Braun sağalmaz xəstələrə həyatdan könüllü getməyə icazə verən qanun layihəsi imzalayıb. "The Los Angeles Times" qəzeti xəbər verir ki, bununla da Kaliforniya Amerikada evtanaziyanın icazə verildiyi beşinci ştat olub. Daha əvvəl oxşar qanunlar Oreqon, Vaşinqton, Montana və Vermont ştatlarında qəbul edilib.

Yetmiş yeddi yaşlı C.Braun deyib: "Bitib-tükənməyən şiddətli ağrılar hiss edərək ölməyə məhkum olsaydım, nə edərdim, bilmirəm. Amma əminəm ki, bu qanunun açdığı imkanlardan istifadə etmək pis olmazdı. Mən başqa adamları bu hüquqdan məhrum etməyəcəyəm". Məlumata görə, qubernator katolikdir və gəncliyində keşiş olmaq istəyib. Qeyd edək ki, katolik kilsəsi evtanaziyanı bağışlanmaz günahlardan sayır.

Yeni qanuna görə, evtanaziyaya iki həkim qərar verməlidir. Onlar təsdiq etməlidirlər ki, xəstə yarım ildən çox yaşamayacaq, habelə onun ağlı və yaddaşı yerindədir.

Qeyd edək ki, Belçika, İsveçrə, Niderland, Lüksemburq və Kolumbiyada evtanaziyaya icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə