“Sərhədsiz həkimlər”dən ABŞ-a ŞOK İTTİHAM

“Xəstəxananın bombardman olunması bilərəkdən törədilib”
“Sərhədsiz həkimlər”dən ABŞ-a ŞOK İTTİHAM

Əfqanıstandakı bir sıra təşkilatların Kunduzda fəaliyyət göstərən və "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatına məxsus xəstəxananın hava bobmardmanına məruz qalması ətrafında irəli sürdükləri fikirlərindən biri də bu insidentin bilərəkdən törədilməsi iddiasıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu versiyanı "Sərhədsiz həkimlər"in baş direktoru Kristofer Stoks da inkar etməyib.

O bildirib ki, bu hadisəni məhz beynəlxalq təşkilatlar araşdırmalıdır. Baş direktor rəsmi Kabulun daha öncə xəstəxananın "Taliban" tərəfindən vurulması ətrafında yaydıqları bəyanatlarını da rədd etdiyini deyir. Onun sözlərinə görə, bu kimi bəyanatlar əfqan və amerikalı güclərin sözügedən xəstəxananı birgə şəkildə bombardman etmələri barədə yaranan şübhələrin doğru olmasını təsdiq edir: "Onlar birgə şəkildə qərara gəliblər və nəticədə xəstəxana təməlinə qədər məhv edilib. Xəstəxananın 180 nəfər əməkdaşı və xəstələri isə "taliblər" kimi göstərilir. Bu olay birmənalı olaraq, hərbi cinayətdir."

Stoks bütün bunları əsas gətirərək, məsələyə beynəlxalq təşkilatların müdaxilə erməsini tələb edib: ""Sərhədsiz həkimlər bu tələbinin üzərində sona qədər dayanacaq. Biz şəffaf araşdırmalar nəticəsində əsl həqiqətin üzə çıxmasını istəyirik. Bu baxımdan, ABŞ müdafiə nazirliyinin tərəflərdən biri kimi daxili araşdırma aparması bizi qane etmir".

Humanitar təşkilatın baş direktoru eyni zamanda daha bir məqama toxunaraq deyib ki, "Sərhədsiz həkimlər"də fəaliyyət göstərən tibb işçilərinin heç biri aviazərbələr günü onların yerləşdiyi ərazidə silahlı insidentlərin baş vermədiyini bildiriblər.

Xatırladaq ki, ötən həftənin cümə günündən şənbə gününə keçdiyi gecə, Əfqanıstanın Kunduz şəhərində ABŞ hərbi hava qüvvələrinə məxsus bobmbardmançı təyyarələri "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatın yerləşdiyi ərazini bombardman ediblər. Nəticədə təşkilatın 12 həkimi və müalicə alan 10 pasient, o cümlədən, 3 azyaşlı uşaq öldürülüb, daha əlavə isə 19-u həkim olmaqla, 37 nəfər insan yaralanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə