“Normand dördlüyü” danışıqları davam etdirir

“Normand dördlüyü” danışıqları davam etdirir

"Normand dördlüyü"nə daxil olan ölkələrin (Fransa, Almaniya, Rusiya və Ukrayna) liderlərinin Parisdə Ukrayna məsələsinə dair sammiti geniş formatda davam etdirilir. Rusiyanın NTV telekanalı xəbər verir ki, Fransua Olland, Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko əvvəlcə dördlükdə söhbət ediblər. Liderlərin açıq havada apardıqları danışıqlar yarım saat çəkib. Sonra danışıqlara xarici siyasət idarələrinin rəhbərləri və nümayəndə heyətlərinin digər üzvləri də qoşulub.

İclasdan əvvəl bir sıra ikitərəfli görüşlər olub. Rusiya Prezidenti Vladimir Putin əvvəlcə Fransa Prezidenti Fransua Olland, daha sonra Almaniya kansleri Angela Merkel ilə görüşüb. RF dövlət başçısının mətbuat katibi Dmitri Peskovun dediyinə görə, görüşlərdə ikitərəfli münasibətlər və Suriya məsələsi müzakirə edilib.

Fransua Ollandla Ukrayna Prezidenti Pyotr Poroşenkonun görüşü çox uzun çəkib və bu səbəbdən sammit 45 dəqiqə gec başlayıb. Fransa Prezidenti ukraynalı həmkarını Minsk sazişinin tam həcmdə yerinə yetirilməsi məsələsində böyük fəallıq göstərməyin vacibliyinə inandırmağa çalışıb.

Xatırladaq ki, bu, liderlərin "normand formatı" çərçivəsində üçüncü şəxsi görüşüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə