Qaçqın düşərgəsində kütləvi dava

Qaçqın düşərgəsində kütləvi dava

Almaniyanın Hessen federal əyalətinin Kassel şəhəri yaxınlığında çadır düşərgəsində miqrantlar arasında toqquşma baş verib. Qarışıqlıq nəticəsində 14 nəfər, o cümlədən dava edənləri sakitləşdirməyə çalışan üç polis yaralanıb. Bu barədə məlumatı "Spiegel Online" internet qəzeti verib.

Onun məlumatına görə, qaçqınlar arasında dava bazar günü axşam yemək paylanan zaman baş verib. Yeniyetmə və 80 yaşlı miqrant arasında mübahisə toqquşmaya səbəb olub. Dəyənəklər işə düşüb, qaçqınlardan biri gözyaşardıcı qazdan istifadə edib. Hüquq mühafizə orqanlarının nümayəndələri əvvəlcə vəziyyəti nəzarətə götürə biliblər, lakin iğtişaş yenidən qızısıb.

Təhlükəsizlik əməkdaşlarının məlumatına görə, toqquşmada müxtəlif millətlərdən olan 300-dən çox adam, o cümlədən Pakistan və Albaniya vətəndaşları iştirak ediblər. Hadisə yerinə 50-dək polis cəlb olunub, onlardan üçü zərər çəkib. Müxtəlif dərəcəli xəsarət almış səkkiz qaçqın xəstəxanaya çatdırılıb.

Bundan əvvəl AFR Prezidenti Yoaxim Qauk Maynsda bildirib ki, qaçqınları qəbul etmək üzrə Almaniyanın imkanları hüdudsuz deyil. Onun sözlərinə görə, Almaniya ölkənin miqrantlara kömək etmək hazırlığı ilə real imkanları arasında ziddiyyətdən ibarət "çox çətin dilemma" qarşısında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə