Sinayda antiterror əməliyyatlarının birinci mərhələsi başa çatıb

Sinayda antiterror əməliyyatlarının birinci mərhələsi başa çatıb

Misirin hakimiyyət orqanları Sinay yarımadasının şimalında antiterror əməliyyatının birinci mərhələsinin uğurla başa çatdığını elan ediblər. Bu barədə yerli KİV-lər Misir Silahlı Qüvvələrinin bəyanatına istinadla məlumat verib. Bildirilir ki, "Şəhid haqqı" adlı əməliyyatın birinci mərhələsi zamanı 535 terrorçu məhv edilib. Bəyanatda deyilir: "Əməliyyatın birinci mərhələsi 16 gün davam edib və terrorçuların bazalarının, sığınacaqlarının və anbarlarının dağıdılması kimi əsas məqsədinə çatıb. Bu əməliyyat Sinay yarımadasının ordusu, polisi və xalqının mütəşəkkilliyini əks etdirib, habelə təhlükəsizliyin təminatı sahəsində birgə əməkdaşlıq nümayiş olunub". Sənəddə o da vurğulanıb ki, bu rayonda bütün hücum əməliyyatları insan hüquqları haqqında qanunlara müvafiq şəkildə və mülki əhalinin müdafiəsi zamanı etik normalara riayət edilməklə keçirilib.

Bəyanatda deyilir ki, Misir Silahlı Qüvvələri Sinay yarımadasında antiterror əməliyyatının ikinci mərhələsinin davam etdiyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə