İran Prezidenti xüsusi tapşırıqlar verib

Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi ilə bağlı
İran Prezidenti xüsusi tapşırıqlar verib

Azərbaycan və İran Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsi və iki ölkənin dəmir yolları sistemlərinin birləşdirilməsi işlərinin sürətləndirilməsi qərarına gəliblər. İranın Gilan əyalətinin mətbuat xidmətinin verdiyi məlumata görə, bunu əyalətin başçısı Məhəmmədəli Nəcəfi deyib.

M.Nəcəfi bildirib ki, İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının iranlı həmsədri Mahmud Vaezinin iştirakı ilə Gilan əyalətində bu məsələnin tezləşdirilməsi məqsədilə iclas keçirilib. İclasda Azərbaycan dəmir yolunun İranın Astara şəhərinə kimi tikilməsi məsələsi müzakirə olunub. Astara (Azərbaycan)–Astara (İran) dəmir yolunun uzunluğu 7 kilometrdir ki, onun 2 kilometri İranın ərazisində tikiləcək. İclasda qərara alınıb ki, Astarada (İran) böyük bir yük terminalı tikilsin və gələn yüklər həmin terminalda saxlanılsın.

M.Nəcəfi qeyd edib ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin tez bir zamanda tamamlanmasında İran maraqlıdır. Bu dəmir yolu Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışına imkan yaradır, eləcə də İranın şimal bölgəsini cənub bölgəsinə birləşdirir. Bundan başqa, İran bu dəmir yolu vasitəsi ilə Orta Asiya, Qafqaz və Avropaya birləşir.

O deyib: "İran Prezidenti Həsən Ruhani Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi üçün xüsusi tapşırıqlar verib və ümid edirik ki, 2016-ci ildə bu dəmir yolunun tikintisi başa çatdırılacaq".

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmir yolunun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Rabil Kətanov

Bütün xəbərlər Facebook səhifəmizdə