Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatının Qamboru Nqala şəhərini "Boko haram" radikal dini silahlı qruplaşmanın əlindən almağa müvəffəq olub. SİA "itar-tass"a istinadən xəbər verir ki, bu barədə Nigeriya silahlı qüvvələrinin rəsmi nümayəndəsi Sani Osman məlumat verib.
Onun dediyinə görə, terrorçuların hücumları nəticəsində 150 nəfər şəhər sakini öldürülüb. Rəsmi nümayəndə bildirib ki, terrorçular üzərində qazanılmış qələbədən sonra silahlı qüvvələr şəhərin təhlükəsizliyinin təminatı üçün müvafiq addımlarını atır.
Qeyd edək ki, Nigeriya üçün iqtisadi-strateji əhəmiyyət kəsb edən bu yaşayış məntəqəsi hələ ötən ilin avqustunda terrorçuların əlinə keçmişdi. Lakin bu ilin fevralında antiterror əməliyyatlarında iştirak edən Çad silahlı qüvvələri Nqalanı azad etməyə müvəffəq olmuşdular. Ancaq terrorçular yenidən hücüm edərək, oranı ələ keçirmişdilər. "Boko haram" silahlıları eyni zamanda qonşu Nigerin, Kamerunun və Çadın da ərzilərinə hücumlar edirlər. Onu da bildirək ki, "Boko haram" adını götürmüş terror qruplaşması əsas olaraq, müsəlmanların Qərb ölkələrindəki təhsil almalarına qarşı çıxış etdiyini, eyni zamanda Qərb geyim tərzinə qarşı çıxdığını, demokratik hakimiyyət bölgülərini tanımadığını bəyan edib.Terror təşkilatının liderləri bütün bunların haram olduğunu, qanunlara uymadığını deyirlər. Silahlılar Nigeriya ərazisində İslam xəlifəti yaradacaqlarını iddia edirlər.
Xatırladaq ki, bu ilin mart ayında "Boko haram" "İslam Dövləti" terror təşkilatının lideri Əbu Bəkr əl-Bağadadiyə biət etdiklərini bəyan ediblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB