"AKP təkbaşına səs yığa biləcək" Rəy

"AKP təkbaşına səs yığa biləcək" Rəy

"AKP bu seçkilərdə təkbaşına iqtidara bəs edəcək qədər səs yığa biləcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyədəki parlament seçkilərinə şərh bildirərkən deyib.

Onun sözlərinə görə, əslində seçkinin nəticələri bilindikdən sonra Türkiyənin təkrar seçkilərə gedəcəyi əvvəlcədən məlum idi: "İstər daxili, istərsə də xarici faktorlar bunu labüd edirdi. Daxili faktoru əsasən AKP iqtidarının koalisiyaya bir o qədər meyl etməməsi ilə əlaqələndirə bilərik. Digər tərəfdən müxalifətin də verilən zaman kəsiyində şansı dəyərləndirə bilməməsi, eləcə də Türkiyənin daxilindəki bölücü qruplaşmaların aktivləşməsi, prosesin məhz təkrar seçkilərlə nəticələnəcəyini aydın şəkildə göstərirdi. Kəskin dəyişikliklərin olacağına inanmıram. Fikrimcə AKP bu seçkilərdə təkbaşına iqtidara bəs edəcək qədər səs yığa biləcək. Bunun səbəbi yalnız türk ictimaiyyətinin AKP-yə inanması deyil. Səbəb ilk növbədə ölkə müxalifətinin tükənmiş vəziyyətdə olması, eləcə də HDP faktorudur. Parlament seçkilərində AKP-nin təkbaşına iqtidara bəs etməyəcək qədər səs yığmasına başlıca əngəl məhz HDP-nin cənub-şərq bölgəsindən səs yığması və 10 faizlik həddi aşması oldu. Lakin son terror hadisələri, eləcə də bölücü-terrorçu kürd qruplaşmalarının aktivləşməsi, HDP-yə olan maraq və güvən limitini ciddi şəkildə sarsıtdı. Bu isə təkrar seçkilərdə 10 faizin altında qalması ilə nəticələnə bilər ki, bu da AKP-nin təkrar səs yığa bilməsi deməkdir. Başqa bir faktor isə MHP və CHP ilə bağlıdır. Artıq MHP-də səs itkisinin olacağı gözlənilir. CHP isə öz səslərini müəyyən qədər qoruya bilsə də, artım olmayacaq".

V. Zifəroğlu qeyd edir ki, son 13 ildə seçkinin nəticələrinə hər zaman təsir edən digər faktora sağ mərkəz cinahda boşluğun davam etməsini göstərə bilərik: "DYP və ANAP-ın çökməsindən sonra davam edən bu boşluq hər zaman AKP-nin xeyrinə işlədi və indi də işləməkdə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə