ABŞ Türkiyəni DƏSTƏKLƏDİ

Pentaqon sözçüsü Peter Kuk Türkiyənin İŞİD-ə qarşı koalisiyada təyyarələri ilə birlikdə dəstək olmasının əhəmiyyətli bir addım olduğunu ifadə edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Türkiyə NATO müttəfiqi, ABŞ-ın yaxın dostu və İŞİD ilə beynəlxalq mübarizədə əhəmiyyətli bir ortaqdır.

Onun sğözlərinə görə, Türkiyənin hal-hazırda ABŞ-ın hava hücumları üçün bazalarından istifadəyə icazə verməsi, İŞİD-lə mübarizənin bir çox cəbhədə artdığını göstərir: "İŞİD-lə mübarizə aparan koalisiyanın əməliyyatlarına Türkiyənin tam daxil olması texniki detalların tamamlanmasına gətirib çıxardı. Koalisiyanın hava əməliyyatlarının təqib və koordinasiya edilməsi məsələsində Türkiyənin tam inteqrasiyası vacib idi".

Texniki detalların əməliyyatın aparılması ilə bağlı lazımi səviyyəyə gətirilməsi üçün bir neçə günə ehtiyac olduğunu deyən Kuk sözlərinə bunları əlavə edib: "Türkiyənin koalisiya təyyarələri ilə birlikdə hərəkət etməsi bizim gözlədiyimiz bir addım idi. Biz bu məntiqi detalları həll etməyə çalışırdıq və bunu əldə edə bildik".

Bütün xəbərlər Facebook səhifəmizdə