BMT-nin Baş katibi çağırış etdi

Pan Gi Mun inkişafı yenidən maliyyələşdirməyə çağırıb
BMT-nin Baş katibi çağırış etdi

Lazımlı resurslar olmadan hər hansı öhdəliklər elə kağız üzərində qalacaq. BMT Xəbərlər Mərkəzi xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun bu fikri iyulun 13-də Əddis-Əbəbədə start götürən inkişafın maliyyələşdirilməsi üzrə III Beynəlxalq konfransın açılışında bəyan edib.

Pan Gi Munun fikrincə, planetimizin əhalisinin sosial baxımdan zəif təbəqəsinin təcili surətdə yeni maliyyələşdirmə mexanizminə ehtiyacı var.

O deyib: "Biz resursların tükəndiyi bir dünyada yaşayırıq. Bu gün inkişafı yenidən maliyyələşdirməyə ehtiyac var. Biz bütün maliyyə mənbələrini - dövlət , özəl, milli və beynəlxalq mənbələri cəlb etməli, eyni zamanda bu sahədə strategiyaları və tənzimləyici mexanizmləri möhkəmləndirməli, istehlak və istehsal sahəsində islahatları stimullaşdırmalıyıq.

Pan Gi Mun əlavə edib ki, Əddis-Əbəbədə konfrans əməkdaşlıqda və qlobal tərəfdaşlıqda yeni dövrün başlanğıcı olmalıdır.

Xatırladaq ki, konfrans iştirakçıları yekun sənədi razılaşdırmalıdırlar. Sənəddə əhalinin bütün təbəqələrinin sosial təminatına, inkişafdan qalmış ölkələrə yardım göstərilməsinə, texnologiyaların inkişafına və ötürülməsinə, vergi sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, gender bərabərliyinin təmin olunmasına və ətraf mühitin mühafizəsinə dair tədbirlər nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə