Bu gün Dövlət Musiqili Teatrının mərhum aktrisası, əməkdar artist Xanım Qafarovanın vəfatından bir il keçir. SİA-nın məlumatına görə, Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.
1996-cı ildən ömrünün son gününə qədər Dövlət Musiqili Teatrında çalışıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb. O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülüb. 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülüb. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilib.
Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. O, həmçinin 9 may 2012-ci il və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb.
Qeyd edək ki, süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişib. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB