Meksikada 42 cinayətkar öldürüldü

Meksikada 42 cinayətkar öldürüldü

Mayın 22-də Meksikanın qərbindəki Miçoakan ştatında baş verən silahlı toqquşma nəticəsində 42 silahlı cinayətkar öldürülüb, daha üç nəfər isə həbs edilib. Hadisə zamanı federal təhlükəsizlik qüvvələrinin bir nəfər əməkdaşı da həyatını itirib. Bu barədə ilkin məlumatı mətbuat konfransında ölkə hakimiyyətinin nümayəndələri də təsdiqləyib.

TASS informasiya agentliyi xəbər verir ki, Miçoakan ştatının qubernatoru Salvador Xaranın sözlərinə görə, polis Tanuato bələdiyyəsinin avtomobil şosesində "şübhəli yük maşınını" saxlamağa cəhd göstərərkən silahlı hücuma məruz qalıb.

Yerli KİV-lər odlu silah, qumbara və qumbaraatanlarla silahlanmış cinayətkarlarla atışmanın 75 dəqiqə sürdüyünü yazır.

Ölkənin milli təhlükəsizlik idarəsinin başçısı Monte Alexandro Rubido polisə silahlı müqavimət göstərən cinayətkarların "Yeni nəsil - Halisko karteli" qruplaşmasının üzvləri olduğunu düşünür. Mayın 1-də Meksikanın Müdafiə Nazirliyinə məxsus helikopteri vuran banda əsasən Miçoakanla qonşu olan Halisko ştatının ərazisində fəaliyyət göstərir.

Güc strukturları nümayəndələrindən ibarət operativ qrup helikopterlə hadisə yerinə yaxın Samora şəhərinə yollanıb. Hazırda insidentin baş verdiyi ərazi maddi dəlillərin toplanması məqsədi ilə mühafizəyə alınıb. Müşahidəçilərin dediyinə görə, bu insident 2006-cı ildən bəri polislə cinayətkarlar arasında qeydə alınan ən böyük toqquşmadır.

Bütün xəbərlər Facebook səhifəmizdə