Suriya ordusu YUNESKO abidəsini dağıdılmaqdan qorudu

Suriya ordusu YUNESKO abidəsini dağıdılmaqdan qorudu

Suriya ordusuna məxsus hərbi birləşmələr ötən gün "İslam Dövləti" ("İD") terror təşkilatının paytaxt Dəməşqdən 240 km aralıda yerləşən qədim Palmira şəhərini ələ keçirmək cəhdlərinin qarşısını almağa müvəffəq olub. SİA-nın bu ölkənin rəsmi "SANA" saytına istinadən verdiyi xəbərinə görə, ekspertlər də hesab edirdilər ki, əgər "İD" həmin YUNESKO-nun mədəni irs siyahısına daxil edilən bu şəhəri ələ keçirməyə nail olsaydı, çox yəqin ki, orada olan qədim və nadir tarixi abidələri yerlə-bir edərdi.

Xəbərdə qeyd olunur ki, terrorçular Palmira şəhərinin şərqi hissəsindən 70 km aralıda yerləşən Əs-Suhna vahəsinə nəzarət edirdi. Ötən gün isə tarixi şəhərin ətrafında mövqe tutmağa başlamışdılar. Şahidlər deyirlər ki, qızğın döyüş Palmira yaxınlığındakı Burc-əl-İşra qülləsinin yanında baş verib. Orada terrorçu təşkilatın onlarla üzvünün öldürüldüyü və onlara məxsus hərbi texnikaların məhv edildiyi qeyd olunur. Suriya ordusundan isə 70 nəgərin həlak olduğu bildirilməkdədir.

Suriyanın rəsmi xəbər agentliyi onu da yazır ki, döyüşlər nəticəsində terrorçuların səhra komandirləri də öldürülüb. Belə ki, onların arasında Səudiyyə Ərəbistanından olan Əbu Malik ət-Təmiminin də olduğu informasiyalar sırasındadır. Qeyd olunur ki, Təmimi bir müddət öncə Liviyada 30 efiopiyalı xristianın başlarının kəsilməsi ilə nəticələnən edama rəhbərlik edib. Hərbi mənbələr də bildirirlər ki, Suriya ordusu terror bandasının qalıqlarını Palmiradan şərqə və şimal hissələrə doğru təqib edir. Hərbi hava qüvvələri isə terrrorçuların müfadiə mövqelərinə havadan bomba zərbələri endirməkdədir.

Bu arada Homs vilayətinin qubernatoru Təlləl əl-Bərrazi yerli və beynəlxalq ictimaiyyətə müraciət edərək onları sakitləşdirən bəyanat səsləndirib. "Tadmorda (Palmiranın ərəbcə adı-red.) bütü dövlət idarə və müəssisələri normal və adi rejimlə işləyir".

Onun sözlərinə görə, həm də münbit arxeoloji qazıntıları olan tarixi şəhər ordu qüvvələri tərəfindən güclü şəkildə mühafizə olunmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə