Neftayırma zavodunu qoruyan iraqlı hərbçilərlə əlaqə kəsilib

Neftayırma zavodunu qoruyan iraqlı hərbçilərlə əlaqə kəsilib

İraq ordusunun komandanlığı ölkənin Bayci şəhərində yerləşən ən iri neftayırma zavodunu İŞİD qruplaşmasından müdafiə edən 200 hərbçi ilə əlaqə saxlaya bilmir. TASS informasiya agentliyi xəbər verir ki, İraq təhlükəsizlik xidmətinin nümayəndəsi komandanlıqla strateji obyekti müdafiə edən və İŞİD yaraqlıları tərəfindən mühasirəyə alınan hərbçilər arasında əlaqənin artıq 10 gündür kəsildiyini bildirib.

Bayci şəhərində yerləşən böyük neftayırma zavodu uğrunda döyüşlər hələ keçən ilin yay aylarında İraqın Səlah-əd-Din əyalətinin çox hissəsinin İŞİD qruplaşması tərəfindən ələ keçirilməsindən sonra başlamışdı. Son zamanlar Bayci ətrafında döyüşlər daha da qızışıb və müəssisəni müdafiə edən hərbçilər mühasirəyə düşüb.

Təhlükəsizlik xidmətindən verilən məlumata görə, hazırda İŞİD strateji məntəqənin 90 faizinə nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə