Osmanlı mirası Türkiyəyə qaytarıldı. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin mədəniyyət və turizm naziri Ömər Çelik yüz il əvvəl Dəməşqdə Osmanlı dövlətinin simvolu olan, lakin döyüş zamanı itən Osmanlı Bayrağının İngiltərədən Türkiyəyə geri qaytarıldığını deyib.
Baş verən tarixi hadisəni xatırladan nazir bildirib ki, ingilis ordusu Dəməşqdə Osmanlı qərargahını işğal etdiyi zaman general Allenby bayrağı endirərək baş çavuş Edqar Turnerə verib: "Turner də bayrağı İngiltərəyə aparıb. Bu, uzun illər Turner ailəsində xatirə olaraq saxlanılıb. Onun nəvəsi bizim dünyaya etdiyimiz bu çağırışları eşidərək bayrağı bizə geri qaytarıb. Osmanlı mirasının Türkiyəyə qaytarılmasının I Dünya Müharibəsinin 100-cü il dönümünə təsadüf etməsi sevindirici haldır. Bayraq üçün xüsusi yer hazırlanıb. Bunu nazir olduğum illər ərzində xaricdən gələn ən qiymətli əsər hesab edirəm. Bayrağın Prezident Sarayında yerləşdirilməsi üçün Rəcəb Tayyib Ərdoğana müraciət edəcəm. Əsərləri bizə göndərənləri Türkiyəyə dəvət edəcəm".
Bundan əlavə nazir dünyaya çağırış da edib: "Dünyanın harasında yaşamasından asılı olmayaraq kimdəsə Osmanlıya aid əsər varsa, bizimlə əlaqə qursun. Bu əsərlərin ana vətənə dönməsi bizim üçün vacib və mütləqdir. Biz həmin insanlara minnətdar olarıq".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB