ABŞ küçələrində maraqlı şüarlar səsləndirilir

ABŞ küçələrində maraqlı şüarlar səsləndirilir

"Media, sınıq pəncərələr əvəzinə, sınıq sümüklərdən yaz!" SİA-nın məlumatına görə, bu şüarlar ABŞ-ın Baltimor şəhərində qaradərili gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarda səsləndirilib. Belə ki, dəstək məqsədilə ölkənin digər ştatlarında da etirazlar davam etməkdədir. Ötən gün axşam Vaşinqton və Nyu York şəhərlərində başlayan nümayişlərə minlərlə insan qoşulub. ABŞ-ın Baltimor şəhərində polis tərəfindən saxlanılarkən səbəbi hələ də izah edilməyən boyun və onurğa zədəsi alması nəticəsində komaya düşən və xəstəxanada ölən 25 yaşlı Freddi Qreyin dəfnindən sonra başlayan iğtişaşlara dəstək məqsədilə, ölkənin digər ştatlarında da etiraz aksiyaları keçirilir. Nyu Yorkda aksiyaya qatılanların əksəriyyəti tələbələr olub. Nümayişçilər "Qaradərililərin də həyatı dəyərlidir" şüarı yazılmış köynəklər geyinərək Qrey üçün ədalət istəyiblər. Etirazlar zamanı 60 nəfər polis tərəfindən saxlanılıb. Yerli saatla 22:00-dan 05:00-a qədər şəhərdə yenidən komendant saatı tətbiq olunmağa başlayıb.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin mərkəzində - Çinatounda toplaşan minə yaxın insan Ağ Ev-ə qədər yürüş ediblər. İslam Dünyası və Qara Dərililərin Milli Birliyi Cəbhəsi tərəfindən təşkil edilən yürüşdə "Qara dərililərin həyatı dəyərlidir", "Azad olana qədər mübarizə aparacağıq", "Media sınıq pəncərələr əvəzinə, sınıq sümüklərdən yaz" şüarları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə