Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində üç namizəd - ölkənin hazırkı başçısı, "Nur Otan" partiyasının namizədi Nursultan Nazarbayev, Kommunist partiyasının namizədi Turqun Sızdıkov və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır. Ölkənin 17 milyonluq əhalisinin 9,5 milyon nəfəri bu seçkilərdə səsvermə hüququndan istifadə edəcək. Seçkiləri müşahidə etmək üçün 900-ə yaxın xarici və 30 min yerli müşahidəçi qeydə alınıb, prosesi işıqlandırmaq üçün xarici ölkələrdən 150-dən çox media nümayəndəsi qeydiyyatdan keçib.
Artıq səhər saatlarından başlayaraq seçki məntəqələrində ciddi aktivlik müşahidə olunur. Hazırkı nəticələrə görə seçicilərin 90 faizi səsvermə hüququndan istifadə edib. Ölkənin seçki qanunvericiliyinə görə, əgər namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilməsə, daha çox səs toplayan iki namizədin iştirakı ilə səsvermənin ikinci turu keçiriləcək.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstandadır. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri keçirildi, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Seçkinin gedişi ilə bağlı təəssüratlarını bölüşən Məzahir Pənahov seçicilərin aktiv iştirakının qeydə alındığını, səsvermə prosesinin normal və sakit keçdiyini qeyd etdi.
Seçkilərdə səs verən hazırkı prezident Nursultan Nazarbayev uğur qazanacağı təqdirdə, ilk görəcəyi işlər barədə açıqlama verərək deyib: Əgər qazaxıstanlılar mənə yenidən etibar göstərələrsə, ilk işim 5 institusional islahatlar komissiyasını yaratmaq olacaq. Konstitusiyada və qanunvericilikdə dəyişiklik aparılacaq. Ağır və çətin görünən bu işin yekunu ölkə iqtisadiyyatının, siyasətin, cəmiyyətın inkişafı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB