ABŞ-da polis zorakılığına qarşı etiraz

Baltimorun yüzlərlə sakini Afrika əsilli amerikalının ölümü ilə bağlı etiraz marşına çıxıb
ABŞ-da polis zorakılığına qarşı etiraz

ABŞ-ın Baltimor şəhərinin yüzlərlə sakini 25 yaşlı Freddi Qrey adlı Afrika əsilli amerikalının ölümü ilə bağlı etiraz aksiyasına qoşulub. Aksiya iştirakçıları "Biz Baltimorda azadlıq istəyirik", "Atəş açmayın! Əllər yuxarı!" şüarları ilə Qreyin saxlanıldığı yerdən aparıldığı polis məntəqəsinə qədər marş təşkil ediblər. Aksiyalarda, həmçinin Qreyin onurğa sütununun sınması ilə nəticələnən insidentlə bağlı olan vəzifəli şəxslərin cəzalandırılması tələbləri də səsləndirilib.

İlkin məlumatlara görə, bir qədər əvvəl ABŞ-ın Ədliyyə Nazirliyi bu hadisə ilə əlaqədar insan haqlarının pozulması faktını araşdırmaq üçün təhqiqatlara başladığını elan edib.

Xatırladaq ki, aprelin 12-də Freddi Qrey adlı qaradərili amerikalı ABŞ-ın Merilend ştatının ən iri şəhəri olan Baltimorda polis tərəfindən saxlanılıb və mikroavtobusa aparılıb. Bundan sonra hadisə yerinə çağırılan təcili tibbi yardım maşını saxlanılan şəxsi xəstəxanaya çatdırıb.

Gəncin ailəsinin vəkili Billi Mörfinin sözlərinə görə, onurğa sütunu qırılmış, komaya düşmüş, kliniki ölüm keçirmiş Qreyin həyatını xilas etmək üçün cərrahlar ciddi əməliyyat keçiriblər. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, qaradərili gənc aprelin 19-da həyatını itirib.

Baltimor hökuməti təhqiqatın nəticələrinin mayın 1-dək elan olunacağını vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə