İncəsənət ustaları xaricdə keçiriləcək Novruz bayramında iştirak edəcəklər

İncəsənət ustaları xaricdə keçiriləcək Novruz bayramında iştirak edəcəklər

2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq status verilmiş (21 mart - Beynəlxalq Novruz bayramı) Novruz hazırda dünya bayramı kimi qeyd edilir. SİA-nın verdiyi məlumata görə, TÜRKSOY təşkilatının təşəbbüsü ilə cari ilin 21-22 mart tarixində Ankara şəhərində, 24-25 mart tarixində Paris şəhərində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 70 illik yubileyinə həsr olunmuş bayram tədbirləri, habelə 26 mart tarixində Köln şəhərində və 28 mart tarixində Vyana şəhərində Novruzla bağlı şənliklər keçiriləcəkdir. Tədbirlərdə türkdilli respublikaların rəsmi və bədii heyətləri iştirak edəcək.

Böyük siyasi və mədəni əhəmiyyəti olan Novruz şənliklərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə "Cəngi" estrada-folklor ansamblı və aşıq Əli Quliyev iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə