Fevralın 11-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzində gənc tarixçi Çinarə Nağıyevanın "Misir dünən və bu gün" adlı kitabının təqdimatı keçirilib. Mərasimi açan səfirliyin mədəniyyət üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan və Misir bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq edir. Misir Azərbaycanın dövlət müstəqilliyini rəsmi tanıyan ilk ölkələrdən biri olub.
Tədbirdə çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova vurğulayıb ki, Azərbaycan-Misir əlaqələri gündən-günə inkişaf edir. O, həmçinin qeyd edib ki, "Misir dünən və bu gün" adlı əsərin müəllifi Çinarə Nağıyeva bu ölkənin tarixi və mədəniyyəti haqqında kitab yazmaqla böyük iş görüb.
Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev Misir Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, kitab haqqında təəssüratlarını bölüşüb, əsərin uğur qazanacağına əminliyini bildirib.
Gənc tarixçi Çinarə Nağıyeva "Misir dünən və bu gün" kitabının məzmunu barədə məlumat verib. Qeyd edib ki, qədim misirlilər dünya mədəniyyətinin inkişafına böyük töhfələr veriblər.
Sonra Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi Çinarə Nağıyevaya fəxri fərman və medal təqdim edib.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə gənc rəssamların Şərq mədəniyyətinə həsr edilən əsərləri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB