Roma papası Çindən qorxmur

Roma papası Fransisk bəyan edib ki, o, bu il Afrikaya (Uqanda və Mərkəzi Afrika Respublikasına) səfər etməyi planlaşdırır. Lakin onun səfər tarixi dəqiqləşdirilməyib. SİA "interfax.ru"ya istinadən xəbər verir ki, Fransisk hələ bir müddət öncə bu səfərlərini reallaşdırmaq fikrindəydi, sadəcə, Ebola virusunun sürətlə yayılması onun bu səfərini təxirə salıb.

Pantifik bundan əlavə, Cənubi Amerika ölkələri olan Ekvadora, Boliviyaya və Paraqvaya da gedəcəyini bildirib. Lakin onun həmin səfərlərinin vaxtı müəyyənləşdirilib. Səfər iyulda reallaşdırılacaq.

Roma papası dünya buddistlərinin lideri XIV Dalay-Lama ilə də görüşəcəyini istisna etməyib: "Bəzi qəzetlər yazırlar ki, mənim Dalay-Lama ilə görüşməməyimin əsas səbəbi Çindən qorxduğum üçündür. Bu doğru deyil. O, bir müddət bundan öncə mənə audensiya barədə müaraciət etmişdi. Vaxt da müəyyənləşdirilib. Ancaq indiyə deyil. Lakin biz əlaqəmizi saxlamaqdayıq".

"Çinlilər də, biz də nəzakətliyik. Biz addımlarımızı addımlar dalınca atırıq" -deyə Roma papası bildirib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Dalay-Lama Romada Nobel mükafatlandırılması mərasimində olub. Məhz onda pantifik onunla görüşməyib. Bundan sonra Vatikanın Çindən çəkinməsi iddiaları ortaya çıxıb. Çünki Çinlə Vatikanın münasibətləri Mao Tse Dunun rəhbərliyi zamanı – 1951-ci ildə pozulub.

Çin isə dünya dövlətləri liderlərinin Dalay-Lama ilə görüşünü hər zaman pisləyir. Rəsmi Pekin hesab edir ki, bu görüşlər Tibeti Çindən ayıraraq, ölkəni parçalamağa çalışan biri ilə keçirildiyinə görə, qəbuledilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə