İtaliya prezidenti bu gün istefaya gedəcək

Corco Napolitano öz sarayını həmişəlik tərk edir
İtaliya prezidenti bu gün istefaya gedəcək

İtaliya Prezidenti Corco Napolitano, çox ehtimal ki, yanvarın 14-də istefa verəcək. Bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat verib. Nəşrin ehtimalına görə, Napolitano dövlət postundan istefa ərizəsini səhər saat 11-də (Bakı vaxtı ilə 14.00) imzalayacaq. Bundan sonra prezident dəftərxanasının baş katibi Donato Marra məktubun surətini İtaliyanın Baş naziri Matteo Rentsiyə, eləcə də parlamentin hər iki palatasının sədrlərinə - Laura Boldrini və Petro Qrassoya verəcək.

Gözlənildiyi kimi, günortaya yaxın (Bakı vaxtı ilə 15.00) 89 yaşlı Napolitano prezidentin Kvirinal sarayını tərk edəcək və özünün şəxsi iqamətgahına qayıdacaq.

Gərəkən bütün zəruri formallıqlar yerinə yetirildikdən sonra dövlət başçısı vəzifəsini müvəqqəti olaraq Senatın sədri Petro Qrasso yerinə yetirəcək. Napolitano isə prezidentlikdən istefa verdikdən sonra ömürlük senat olacaq.

Napolitano ölkə tarixində ikinci müddətə seçilən ilk dövlət başçısıdır. Xatırladaq ki, İtaliya Konstitusiyasına görə, ölkə prezidenti İtaliya Parlamentlər Palatasının birgə iclasında seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə