“AirAsia” təyyarəsinin ikinci “qara qutu”su da tapılıb

“AirAsia” təyyarəsinin ikinci “qara qutu”su da tapılıb

Yanvarın 13-də indoneziyalı dalğıclar Yava dənizində "AirAsia" şirkətinə məxsus qəzaya uğramış təyyarənin ikinci "qara qutu"sunu suyun dibindən çıxarıblar. Bu barədə "Metro TV" televiziya şirkəti məlumat yayıb. Şirkətdən bildiriblər ki, hazırda "qara qutu" hərbi-dəniz qüvvələrinin gəmisindədir və yaxın vaxtlarda Cakartaya aparılacaq.

Xəbər verdiyimiz kimi, bir gün əvvəl tapılan və uçuşun bütün parametrlərini qeydə alan digər "qara qutu" artıq mütəxəssislərə təhvil verilib. "Qara qutu"lardakı məlumatların yaxın 1-2 həftə ərzində aşkarlanacağı bildirilir.

İkinci "qara qutu" dənizdən çıxarıldıqdan sonra İndoneziya hökuməti laynerin axtarışı ilə bağlı əməliyyatların əsas hissəsinin başa çatdığını bildirib. Bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri general Bambanq Soelisti məlumat verib.

B.Soelisti qeyd edib ki, buna baxmayaraq qəza nəticəsində həlak olanların axtarışları davam etdiriləcək: "Əməliyyatların əsas hissəsinin başa çatması işlərin dayandırılması demək deyil. Biz əməliyyatları başqa formatda davam etdirəcəyik". Agentliyin rəhbəri əlavə edib ki, axtarışlar agentliyin öz gücü ilə aparılacaq.

Xatırladaq ki, dekabrın 28-də qəzaya uğramış təyyarə Yava dənizi üzərində olarkən radarların ekranından itib, sonradan onun parçaları dənizin dibində aşkar olunub. Hazırda xilasedicilər həmin parçaların çıxarılması ilə məşğuldurlar. İndiyədək dənizdən təyyarədə olanlardan 48-nin cəsədi çıxarılıb. Həlak olanların əksəriyyətinin cəsədlərinin təyyarənin dənizin dibində qalmış parçasında olduğu güman edilir.AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə